17
Menaşşe qəbiləsinin torpaqları
Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu. Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi.
Lakin Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın oğlanları yox idi, ancaq qızları var idi. Qızlarının adları belə idi: Maxla, Noa, Xoqla, Milka, Tirsa. *Say. 27:1-7 Onlar kahin Eleazarın, Nun oğlu Yeşuanın və rəhbərlərin qarşısına gəlib dedilər: «Rəbb Musaya buyurmuşdu ki, soydaşlarımızın yanında bizə irs torpaq versin». Onda Yeşua Rəbbin əmrinə görə atalarının kişi qohumları arasında onlara irs olaraq torpaq verdi. Menaşşeyə İordan çayının o tayında olan Gilead və Başan torpağından başqa on hissə torpaq da düşdü, çünki Menaşşe qızları da onun oğulları arasından irs olaraq torpaq aldılar. Gilead diyarı Menaşşenin qalan oğullarına məxsus idi.
Menaşşenin sərhədi Aşerdən Şekemin şərqində olan Mikmetata uzanaraq cənuba tərəf En-Tappuah əhalisinin yerlərinə gəlib çatırdı. Tappuah torpağı Menaşşenin idi, amma Menaşşe sərhədində olan Tappuah şəhəri isə Efrayim oğullarına məxsus idi. Sərhəd Qana vadisinə enirdi. Bu vadinin cənubunda olan şəhərlər Menaşşenin şəhərləri arasında olsa da, Efrayimin idi. Menaşşenin sərhədi vadinin şimal tərəfində idi, sonu isə dənizdə qurtarırdı. 10 Sərhədin cənubu Efrayimin, şimalı isə Menaşşenin idi. Dəniz də Menaşşenin sərhədi idi. Sərhəd şimaldan Aşerə, şərqdən İssakara gedib çatırdı. 11 İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi.
12 *Hak. 1:27-28 Menaşşe övladları bu şəhərlərdə yaşayanları qova bilmədilər, buna görə Kənanlılar da bu torpaqda qaldılar. 13 İsraillilər qüvvətlənəndə Kənanlıları özlərinə mükəlləfiyyətçi etdilər, amma tamamilə qovmadılar.
Efrayim ilə Menaşşe qəbilələrinin çox torpaq istəməsi
14 Yusif övladları Yeşuaya belə dedilər: «İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib». 15 Yeşua onlara dedi: «Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölgəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin». 16 Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var». 17 Onda Yeşua Yusif nəslinə – Efrayimlilərə və Menaşşelilərə belə dedi: «Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür, ona görə sizə bir püşk kifayət deyil. 18 Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz».

*17:4 Say. 27:1-7

*17:12 Hak. 1:27-28