16
Menaşşe və Efrayim qəbilələrinə düşən torpağın cənub sərhədi
Yusif övladlarına püşk ilə düşən torpaqların sərhədi şərqdən Yerixo sularından – qarşısındakı İordan çayından başlayıb çöllüyə, Yerixodan Bet-Elin dağlıq bölgəsinə qalxırdı. Bet-Eldən isə Luza çıxıb Arklılar torpağına, Atarota keçirdi. Sonra qərbə doğru Aşağı Bet-Xoron torpağına qədər, Yafletlilər torpağına, bundan sonra isə Gezerə qədər enirdi. Bu sərhədin sonu dənizdə qurtarırdı.
Yusifin övladları Menaşşe və Efrayim torpaqlarını irs olaraq aldılar.
Efrayim qəbiləsinin torpaqları
Efrayim övladlarının nəsillərinə görə irs torpağının sərhədi belə idi. Şərqə doğru Atrot-Addardan Yuxarı Bet-Xorona qədər gedib dənizdə bitirdi. Şimal tərəfdən isə Mikmetatdan şərqə tərəf uzanıb, Taanat-Şilo şəhərinin şərqindən dönərək Yanoahın şərqinə çıxırdı. Yanoahdan isə Atarota və Naaraya enərək oradan Yerixoya çatır və sonu İordan çayında qurtarırdı. Bu sərhəd Tappuahdan qərbə tərəf Qana vadisinə gedərək sonu dənizdə bitirdi. Nəsillərinə görə Efrayim övladları qəbiləsinin irs torpağı bunlardır. Bundan əlavə, Menaşşe övladlarına düşən torpaqlarda da Efrayim övladları üçün ayrılan şəhər və kəndlər var idi.
10 *Hak. 1:29 Amma Efrayim övladları Gezerdə yaşayan Kənanlıları qovmadılar. Onlar bu günə qədər Efrayim övladları arasında yaşayır, Efrayim övladları üçün mükəlləfiyyətçi quldurlar.

*16:10 Hak. 1:29