HAKİMLƏR
KİTABI
GİRİŞ
«Hakimlər» Kitabı İsrail tarixində Kənan torpağının zəbt olunması və padşahlığın əsasının qoyulması arasındakı dövrü təsvir edir. Bu, qanunsuzluq dövrü idi. Kitabın əsas ideyası budur: «O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi» (17:6, 21:25).
Burada yazılan hekayələr «hakimlər» adlanan milli qəhrəmanların rəşadətindən bəhs edir. Əslində onların əksəri hakimlərdən çox hərbi başçı idi. Kitabın verdiyi ibrət dərsi budur ki, İsrailin varlığı Allaha sadiqliyindən asılı idi, çünki onların vəfasızlığı başlarına bəla gətirirdi. Amma ən vacib şey odur ki, İsrail xalqı Allaha vəfasız olub üzərinə bəla gətirsə də, onlar Allaha tərəf dönüb tövbə etdikdə O Öz xalqını xilas etməyə həmişə hazır idi.
Kitabın məzmunu:
1:1–2:10 Yeşuanın ölümünə qədər baş verən hadisələr
2:11–3:6 İsrail Rəbdən üz döndərir
3:7–16:31 İsrailin hakimləri
3:7-31 Otniel, Ehud, Şamqar
4:1–5:3 Devora və Baraq
6:1–8:35 Gideon
9:1-57 Avimelek
10:1–12:7 Tola, Yair, İftah
12:8-15 İvsan, Elon və Avdon
13:1–16:31 Şimşon
17:1–21:25 Müxtəlif hadisələr
1
Yerusəlimin alınması
1 Yeşuanın ölümündən sonra İsrail övladları Rəbdən soruşdu: «Bizim üçün Kənanlılara qarşı döyüşə birinci kim çıxacaq?» 2 Rəbb dedi: «Yəhudalılar çıxacaq, budur, Mən torpağı onlara təslim edirəm».
3 Yəhudalılar soydaşları Şimeonlulara dedi: «Torpağın bizə düşən hissəsinə gəlin, Kənanlılara qarşı vuruşmaq üçün bizimlə döyüşə çıxın. Sonra da torpağın sizə düşən hissəsinə gəlib sizinlə bərabər biz döyüşə çıxarıq». 4 Yəhudalılar döyüşə çıxdı. Rəbb Kənanlılarla Perizliləri onlara təslim etdi və Yəhudalılar Bezeqdə onlardan on min nəfər adamı qırdı. 5 Bezeqdə Adoni-Bezeqi tapıb vuruşdular və həm Kənanlıları, həm də Perizliləri qırdılar. 6 Lakin Adoni-Bezeq qaçdı və Yəhudalılar onun ardınca qaçıb əllərinin və ayaqlarının baş barmaqlarını kəsdilər. 7 Adoni-Bezeq dedi: «Mənim masamın altında yetmiş padşah əl və ayaqlarının baş barmaqları kəsilmiş halda çörək qırıntıları dənləyirdi. Mən necə etmişdimsə, Allah da mənə əvəzini elə verdi». Yəhudalılar Adoni-Bezeqi Yerusəlimə gətirdi və o orada öldü.
8 Yəhuda övladları Yerusəlimə hücum edib vuruşdu və oranı alıb əhalisini qılıncdan keçirdilər. Şəhərə isə od vurub yandırdılar. 9 Bundan sonra Yəhuda övladları dağlıq bölgədə, Negevdə və yamaclı-düzənlikli bölgədə yaşayan Kənanlılara qarşı vuruşmaq üçün endilər. 10 *Yeşua 15:14-19 Əvvəlki adı Qiryat-Arba olan Xevronda yaşayan Kənanlılara qarşı yürüş edib Şeşayı, Aximanı və Talmayı məğlub etdilər.
11 Oradan da əvvəlki adı Qiryat-Sefer olan Devir əhalisinə qarşı yürüş etdilər. 12 Kalev dedi: «Kim Qiryat-Seferə hücum edib oranı alarsa, qızım Aksanı ona ərə verəcəyəm». 13 Oranı Kalevin kiçik qardaşı Kenazın oğlu Otniel aldı. Kalev qızı Aksanı arvad olaraq ona verdi. 14 Qız Otnielə ərə gedəndə ərini atasından bir tarla yeri istəməyə sövq etdi. Qız eşşəkdən düşəndə Kalev ona dedi: «Nə istəyirsən?» 15 Aksa Kalevə dedi: «Mənə bir pay da ver. Madam ki mənə Negev torpağını verdin, onda su qaynaqlarını da ver». Kalev ona yuxarıdakı və aşağıdakı su qaynaqlarını verdi.
16 Musanın Qenli qayınatasının nəslindən olanlar Yəhudalılarla birgə Xurma şəhərindən *Xurma şəhəri – Yerixo şəhəri. çıxaraq Aradın cənubunda olan Yəhuda çölündə xalqın arasında məskunlaşdılar. 17 Yəhudalılar soydaşları Şimeonlularla birgə gedib Sefatda qalan Kənanlıları qıraraq tamamilə məhv etdilər. O şəhərin adı Xorma†Xorma – ibrani dilində tamamilə yox etmək. adlandırıldı. 18 Yəhudalılar Qəzzəni və bütün ərazisini, Aşqelonu və bütün ərazisini, Eqronu və bütün ərazisini aldılar. 19 Rəbb Yəhudalılarla idi. Yəhudalılar dağlıq bölgəsini ələ keçirdilər. Vadi sakinlərini isə qova bilmədilər, çünki onların dəmir döyüş arabaları var idi. 20 Musanın söylədiyi kimi Xevronu Kalevə verdilər. O da Anaqın üç oğlunu oradan qovdu. 21 *Yeşua 15:63; 2Şam. 5:6; 1Saln. 11:4 Lakin Binyamin övladları Yerusəlimdə qalan Yevusluları qovmadılar və Yevuslular bu günə qədər Binyamin övladları ilə birgə Yerusəlimdə yaşayırlar.
22 Yusif nəsli də Bet-Elə hücum etdi və Rəbb onlarla idi. 23 Yusif nəsli Bet-Elə kəşfiyyata adamlar göndərdi. Şəhərin əvvəlki adı Luz idi. 24 Kəşfiyyatçılar şəhərdən çıxan bir adamı görüb dedilər: «Rica edirik, bizə şəhərə girmək üçün yol göstərəsiniz və biz də sizinlə yaxşı rəftar edərik». 25 Bu adam onlara şəhərə girmək üçün yol göstərdi. Onlar şəhərə girib əhalisini qılıncdan keçirdilər, lakin həmin adama və qohumlarına dəymədilər. 26 Bu adam Xetlilərin torpağına getdi və orada bir şəhər salıb adını Luz qoydu. Oranın bu günə qədər adı belədir.
27 *Yeşua 17:11-13 Menaşşe qəbiləsi Bet-Şeanla qəsəbələrinin əhalisini, Taanakla qəsəbələrinin əhalisini, Dorla qəsəbələrinin əhalisini, İvleamla qəsəbələrinin əhalisini və Megiddo ilə qəsəbələrinin əhalisini qovmadı. Kənanlılar bu ölkədə qalmaq iddiasını etdi. 28 İsraillilər bu torpaqlarda möhkəmlənəndə Kənanlıların üzərinə mükəlləfiyyət qoydular, amma tamamilə qovmadılar.
29 *Yeşua 16:10 Efrayim qəbiləsi Gezerdə olan Kənanlıları qovmadı. Bununla da Kənanlılar Gezerdə – onların arasında yaşadı.
30 Zevulun qəbiləsi Qitron əhalisini və Nahalol əhalisini qovmadı. Kənanlılar da onların arasında qalıb mükəlləfiyyətçi oldular.
31 Aşer qəbiləsi Akko əhalisini, Sidon, Axlav, Akziv, Xelba, Afeq və Rexov əhalisini qovmadı. 32 Aşerlilər bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı və onları qovmadı.
33 Naftali qəbiləsi Bet-Şemeş və Bet-Anat əhalisini qovmadı, bu ölkənin sakinləri olan Kənanlılar arasında yaşadı. Bet-Şemeş və Bet-Anat əhalisi onlar üçün mükəlləfiyyətçi oldu.
34 Emorlular Dan övladlarını dağlıq bölgəsinə köçməyə vadar etdi və onları vadiyə düşməyə qoymadı. 35 Emorlular Har-Xeresdə, Ayyalonda və Şaalvimdə qalıb orada yaşadı. Ancaq Yusif nəsli qüvvətlənəndə Emorlular onlar üçün mükəlləfiyyətçi oldu. 36 Emorluların sərhədi Aqrabbim keçidindən – Seladan yuxarıya uzanırdı.
*1:16 Xurma şəhəri – Yerixo şəhəri.
†1:17 Xorma – ibrani dilində tamamilə yox etmək.
*1:21 Yeşua 15:63; 2Şam. 5:6; 1Saln. 11:4