7
Təqsir qurbanı
1 Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir. 2 Təqsir qurbanı yandırma qurbanları kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin. 3 Onun bütün piyini təqdim etsin: quyruğunu, içalatı örtən piyi, 4 belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 5 Qoy kahin bunu Rəbb üçün yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır. 6 Ətini kahin nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir.
7 Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun. 8 Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun. 9 Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun. 10 Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.
Ünsiyyət qurbanı
11 Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur. 12 Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin. 13 Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin. 14 Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun. 15 Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.
16 Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər, 17 lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın. 18 Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.
19 Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər; 20 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun. 21 Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».
Xalq üçün qurbanlara aid olan təlimat
22 Rəbb Musaya dedi: 23 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin. 24 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz. 25 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun. 26 *Yar. 9:4; Lev. 17:10-14; 19:26; Qanun. 12:16,23-25; 15:23 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin; 27 qan yeyən hər kəs xalqı arasından qovulsun”».
28 Rəbb Musaya dedi: 29 «İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin. 30 Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin. 31 Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun. 32 Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin; 33 həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”. 34 Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm. 35 Bu, Rəbbə kahinlik etmək üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının payıdır; 36 Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları bu əbədi payı onlara versinlər».
37 Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə və ünsiyyət qurbanına aid olan 38 Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi gündə vermişdi.