17
Həyat verən qandır
Rəbb Musaya belə dedi: «Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri budur: İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən onu Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun. Belə ki İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər. Kahin belə qurbanın qanını Hüzur çadırı girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın. *2Saln. 11:15 İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.
Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun.
10 *Yar. 9:4; Lev. 7:26-27; 19:26; Qanun. 12:16,23-25; 15:23 İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən bir az da olsa, qan yeyən hər kəsdən Mən üz döndərib xalqı arasından qovacağam, 11 *İbr. 9:22 çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır. 12 Buna görə də Mən İsrail övladlarına demişəm: ‹Sizdən heç bir kəs, aranızda yaşayan yadelli də qan yeməsin›.
13 İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün. 14 Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna görə Mən İsrail övladlarına ‹heç bir məxluqun qanını yeməyin› demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun. 15 Yerli olsun, yadelli olsun, təbii yolla ölən, parçalanıb ölən heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşamadək murdar, sonra pak sayılsın. 16 Əgər belə adam geyimini və bədənini yumasa, cəzasını çəkəcək”».

*17:7 2Saln. 11:15

*17:10 Yar. 9:4; Lev. 7:26-27; 19:26; Qanun. 12:16,23-25; 15:23

*17:11 İbr. 9:22