MALAKİ
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Malaki» Kitabında təsvir olunan hadisələr miladdan əvvəl VI əsrdə Yerusəlimdəki məbədin yenidən tikilməsindən sonrakı dövrə aiddir. «Malaki» adı ibrani dilində «Mənim elçim» deməkdir.
Peyğəmbərin əsas qayğısı kahinlərin və xalqın Allahla bağladığı əhdə sadiq qalmasıdır. Allah xalqının həyatında və Allaha ibadətində qüsurlar var idi. Onlar yollarını azmışdı. Kahinlərlə xalq təqdim və ianələri sidq ürəkdən vermir, Allaha hiyləgərliklə yanaşır və Onun təliminə uyğun yaşamırdılar. Amma Rəbb, yolunu hazırlamaq və əhdini elan etmək üçün Öz elçisini əvvəlcədən göndərəcək, sonra Özü xalqını mühakimə və pak etmək üçün gələcək.
Kitabın məzmunu:
1:1–2:16 İsrailin günahları
2:17–4:6 Allahın məhkəməsi və mərhəməti
1
Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür.
Rəbbin İsrailə məhəbbəti
*Rom. 9:13 *Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14 Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim, Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim». Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq». Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!» deyəcəksiniz.
Kahinlərə məzəmmət
Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər Mən atayamsa, hanı Mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz. Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət etmək lazım deyil” deməklə belə edirsiniz. *Qanun. 15:21 Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi. «İndi bizə lütf etməsi üçün Allaha yalvarın. Siz belə qurbanlar gətirərkən O heç sizi qəbul edərmi?» deyir Ordular Rəbbi.
10 «Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm» deyir Ordular Rəbbi. 11 «Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi.
12 «Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın müqəddəsliyini pozursunuz. 13 Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?» deyə soruşur Rəbb. 14 «Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.

*1:2 Rom. 9:13

*1:2 Yeş. 34:5-17; 63:1-6; Yer. 49:7-22; Yez. 25:12-14; 35:1-15; Amos 1:11-12; Avd. 1-14

*1:8 Qanun. 15:21