2
1 «İndi, ey kahinlər, bu əmr sizin üçündür». 2 Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz. 3 Mən sizin nəslinizi məzəmmət edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağam, siz onunla birgə atılacaqsınız. 4 *Say. 3:11-13 Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi. 5 *Say. 25:12 «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi. 6 Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı. 7 Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir. 8 Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi. 9 «Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».
Yəhuda xalqının xəyanəti
10 Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik? 11 Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi. 12 Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.
13 Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir. 14 Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin. 15 Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin. 16 İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.
Əhd Mələyinin gəlməsi
17 Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz.