8
Ezranın Qanunu oxuyub izah etməsi
1 *Ezra 3:1 Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin. 2 Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi. 3 Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı. 4 İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı. 5 Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı. 6 Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar. 7 Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı. 8 Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.
9 Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı. 10 Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir». 11 Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər. 12 Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü.
Çardaqlar bayramının qeyd olunması
13 Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyatçı Ezranın yanına toplaşdı. 14 *Lev. 23:33-36,39-43; Qanun. 16:13-15 Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın». 15 Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardaq qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin». 16 Bütün xalq çıxıb budaq gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətində, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardaq düzəltdi. 17 Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu. 18 Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu.