28
Məzmur 28
Davudun məzmuru.
Ya Rəbb, Səni səsləyirəm,
Ey Qayam, qulağını tıxama.
Əgər cavab verməsən,
Qəbirə düşənlərə bənzəyərəm.
Səni yardıma çağırarkən,
Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən,
Yalvarış səsimi eşit.
 
Pislərlə, şər iş görənlərlə birgə
Məni dartıb aparma.
Onlar qonşuları ilə dost kimi danışır,
Lakin qəlblərində şər dolaşır.
*Vəhy 22:12 Əməllərinə, pis işlərinə görə
Onların əvəzini ver,
Əllərindən gələn bu işlər nəyə layiqdirsə,
Onlar üçün ödə.
Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə,
Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə
Rəbb onları yerə vuracaq,
Bir daha qaldırmayacaq.
 
Alqış olsun Rəbbə,
Yalvarış səsimi eşitdi!
Rəbb qalam, sipərimdir!
Qəlbim Ona güvənəndə köməyimə çatır.
Sevincdən qəlbim cuşa gəlir,
İlahilərimlə Ona şükür edirəm.
Rəbb Öz xalqının gücüdür,
Məsh etdiyi insanın nicat qalasıdır.
Öz xalqını qurtar,
Seçdiklərinə xeyir-dua ver.
Öz sürünü otar,
Xalqının əbədilik qayğısına qal!

*28:4 Vəhy 22:12