29
Məzmur 29
Davudun məzmuru.
*1Saln. 16:29; Zəb. 96:7-9 Ey ilahi varlıqlar, Rəbbə verin –
İzzəti, qüdrəti Rəbbə verin!
Adına layiq olan izzəti Rəbbə verin,
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!
 
Rəbbin səsi suların üzərindədir,
Ehtişam Allahı gurlayar,
Rəbb ümman suların üzərindədir.
Rəbbin səsi qüdrətlidir,
Rəbbin səsi əzəmətlidir,
Rəbbin səsi sidr ağaclarını sındırar,
Rəbb Livan sidrlərini qırar.
Livan dağlarını dana kimi,
Siryon dağını çöl buğası kimi tullandırar.
Rəbbin səsi şimşəkləri çaxdırar,
Rəbbin səsi çölləri lərzəyə salar,
Rəbb Qadeş çölünü lərzəyə salar.
Rəbbin səsi maralları doğuzdurar,*Maralları doğuzdurar – yaxud palıdların qol-budaqlarını qırar.
Rəbbin səsi meşələri çılpaq qoyar.
Məbədində hamı deyər:
«Ehtişamlısan!»
 
10 Rəbb daşan sular üstündəki taxtında oturub,
O, əbədi Padşahdır, taxtında oturub.
11 Rəbb Öz xalqına qüvvət verir,
O, xalqına firavanlıq və bərəkət verir.

*29:1 1Saln. 16:29; Zəb. 96:7-9

*29:9 Maralları doğuzdurar – yaxud palıdların qol-budaqlarını qırar.