96
Məzmur 96
(1Saln. 16:23-33)
1 Rəbbə yeni bir ilahi oxuyun,
Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
2 İsminə alqış edin, Rəbbə ilahi oxuyun,
Xilaskar olduğunu hər gün müjdələyin.
3 Ehtişamını millətlərə elan edin,
Xariqələrini bütün xalqlara bəyan edin!
4 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,
O bütün allahlardan daha zəhmlidir.
5 Bütün özgə xalqların allahları bütlərdir,
Lakin göyləri yaradan Rəbdir.
6 Ehtişam və əzəmət hüzurundadır,
Müqəddəs məkanında gözəlliklə qüdrət var.
7 *1Saln. 16:29-30; Zəb. 29:1-2 Ey xalqların tayfaları, Rəbbə verin –
İzzəti, qüdrəti Rəbbə verin,
8 Adına layiq izzəti Rəbbə verin,
Həyətinə girib təqdimlər verin.
9 Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin,
Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!
10 Millətlərə belə elan edin:
«Rəbb hökmranlıq edir,
O, dünyanı sarsılmaz və möhkəm qurub,
O, insafla xalqların hökmünü verəcək».
11 Göylər sevinsin, yer üzü şad olsun,
Dənizin və dənizdəki canlıların səsi ucalsın,
12 *Yeş. 11:4; Vəhy 19:11 Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
Meşədəki bütün ağaclar mədh söyləsin
13 Rəbbin hüzurunda!
O gəlir, dünyanın hökmünü vermək üçün gəlir,
Yer üzünün hökmünü ədalətlə,
Xalqların hökmünü həqiqətlə verəcək!