79
Məzmur 79
Asəfin məzmuru.
*2Pad. 25:8-10; 2Saln. 36:17-19; Yer. 52:12-14 Ey Allah, millətlər Sənin mülkünə giriblər,
Müqəddəs məbədini murdar ediblər,
Yerusəlimi viranəliyə çeviriblər.
Qullarının cəsədini göydəki quşlara yem ediblər,
Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
Yerusəlimin hər tərəfində onların qanı axıdılıb,
Onları dəfn edən yoxdur.
Qonşularımızın tənə hədəfinə döndük,
Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
 
Ya Rəbb, nə vaxtacan,
Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən,
Qısqanclıqdan od tutub yanacaqsan?
*Yer. 10:25 Səni tanımayan millətlərin,
İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
Çünki onlar Yaqub nəslinin başını yeyiblər,
Yurd-yuvasını viranəyə çeviriblər.
 
Ata-babalarımızın günahını boynumuza qoyma,
Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.
Ey bizi qurtaran Allah,
İsmin şərəfinə Sən bizə yardım et,
Günahlarımızı kəffarə edərək
İsmin naminə Sən bizi xilas et.
10 Niyə millətlər «Hanı onların Allahı?» desinlər?
Qullarının tökülən qan qisasının alınmasını
Qoy gözümüz görsün, millətlər də bilsinlər.
 
11 Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın,
Ölümə aparılanları böyük qüdrətinlə qoru.
12 Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların
Tənələrini yeddi qat artıq kökslərinə qaytar.
13 Biz Sənin xalqın, otlağının sürüsüyük,
Əbədilik Sənə şükür edərik,
Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!

*79:1 2Pad. 25:8-10; 2Saln. 36:17-19; Yer. 52:12-14

*79:6 Yer. 10:25