115
Məzmur 115
1 Bizi yox, ya Rəbb, bizi yox,
Məhəbbətin, sədaqətin naminə
Öz adını şərəfləndir.
2 Niyə millətlər belə desin:
«Onların Allahı haradadır?»
3 Allahımız göylərdədir,
Öz istədiyini edir.
4 *Zəb. 135:15-17; Vəhy 9:20 Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir,
Onlar insan əllərinin işidir.
5 Ağızları var, danışa bilmir,
Gözləri var, amma görmür,
6 Qulaqları var, eşitmir,
Burunları var, qoxu bilmir,
7 Əlləri var, hiss etmir,
Ayaqları var, gəzə bilmir,
Boğazlarından səs gəlmir.
8 Bütləri düzəldən, onlara güvənən insanlar
Bu bütlər kimi cansız olacaqlar.
9 Ey İsraillilər, Rəbbə güvənin,
Odur köməyiniz və sipəriniz!
10 Ey Harun nəsli, Rəbbə güvənin,
Odur köməyiniz və sipəriniz!
11 Ey Rəbdən qorxanlar, Rəbbə güvənin,
Odur köməyiniz və sipəriniz!
12 Rəbb bizi unutmayıb,
Bizə xeyir-dua verəcək –
İsrail nəslinə xeyir-dua verəcək,
Harun nəslinə xeyir-dua verəcək,
13 *Vəhy 11:18; 19:5 Kiçikdən böyüyə qədər
Ondan qorxanlara xeyir-dua verəcək.
14 Qoy Rəbb sizi,
Sizi və nəslinizi artırsın!
15 Rəbdən, göyləri və yeri Yaradandan
Bərəkət alasınız!
16 Rəbb səmaya sahibdir,
Yeri bəşər övladlarına verdi.
17 Ölənlər, sükut diyarına düşənlər
Rəbbə həmd etmirlər.
18 Lakin biz Rəbbə alqış edirik
İndidən sonsuzadək.
Rəbbə həmd edin!