8
Həyat verən Ruh
1 Deməli, indi Məsih İsada olanlara*Məsih İsada olanlara – bəzi əlyazmalarda Məsih İsada olub cismani təbiətə görə yox, Ruha görə rəftar edənlərə (Rom. 8:4). heç bir məhkumluq yoxdur. 2 Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi. 3 Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, 4 Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin. 5 Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür. 6 Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir. 7 Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. 8 Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
9 Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. 10 Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir. 11 *1Kor. 3:16Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.
12 Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. 13 Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. 14 Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. 15 *Mark 14:36; Qal. 4:5-7Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. 16 Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. 17 Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
İzzətli gələcəyimiz
18 Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. 19 Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. 20 *Yar. 3:17-19Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki, 21 yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. 22 Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. 23 *1Kor. 15:35-54; 2Kor. 5:2-4Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. 24 Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? 25 Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik. 26 Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. 27 Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
28 Biz bilirik ki, hər şey birlikdə Allahı†Hər şey birlikdə Allahı – bəzi əlyazmalarda Allah hər şeydə birlikdə Onu. sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. 29 Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; 30 əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.
Məsihin məhəbbətindən bizi kim ayıra bilər?
31 Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər? 32 O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? 33 Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır! 34 Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir. 35 Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? 36 *Zəb. 44:22Necə ki yazılıb:
«Biz gün boyu Sənin uğrunda öldürülürük,
Qurbanlıq qoyunlar sayılırıq».
37 Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. 38 Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, 39 nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.
*8:1 Məsih İsada olanlara – bəzi əlyazmalarda Məsih İsada olub cismani təbiətə görə yox, Ruha görə rəftar edənlərə (Rom. 8:4).
*8:23 1Kor. 15:35-54; 2Kor. 5:2-4
†8:28 Hər şey birlikdə Allahı – bəzi əlyazmalarda Allah hər şeydə birlikdə Onu.