PAULUN
KOLOSSELİLƏRƏ MƏKTUBU
GİRİŞ
Paulun bu məktubu indiki Türkiyə ərazisindəki Efes şəhərinin şərqində yerləşən Kolosse şəhərinin imanlılar cəmiyyətinə ünvanlanıb. Bu cəmiyyət Paul tərəfindən yaradılmamışdı, lakin Paul özünü məsuliyyətli hiss edirdi, çünki oraya Efesdən işçilər göndərmişdi. Paul xəbər tutmuşdu ki, o cəmiyyətdəki yalançı müəllimlər Allahı tanımaq və tamam xilas almaq üçün insanın mələklərə və başqa ruhani qüvvələrə səcdə etmələrinin lazım olduğunu öyrədirdi. Bundan əlavə, bu müəllimlər həm də sünnət, yemək qaydaları və digər ənənələrə əməl etməyi tələb edirdilər.
Paul bu saxta təlimlərə qarşı duraraq həqiqi məsihçi təlimini nümayiş etdirir. Həvarinin öyrətdiklərinə əsasən yalnız İsa Məsih xilas etməyə qadirdir, digər əqidələr və işlər əslində insanı Ondan uzaqlaşdırır. Allah-Taala İsa Məsih vasitəsilə dünyanı yaratdı və Onun vasitəsilə dünyanı Özünə tərəf döndərir. Dünyanın xilas ümidi yalnız İsa Məsihlə birlikdə olmaqdır. Sonra Paul imanlıların həyatları üçün bu böyük təlimi necə tətbiq etdiyini izah edir.
Maraqlı odur ki, Paulun bu məktubunu Kolosse cəmiyyətinə çatdıran Tixik Onisimlə birgə yola çıxmışdı; bu adam haqqında Paul Filimona xahiş məktubunu yazmışdır.
Kitabın məzmunu:
1:1-8 Giriş
1:9–2:19 Məsihin təbiəti və işi
2:20–4:6 Məsihdə yeni həyat
4:7-18 Son salamlar
1
1 Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan 2 Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan*Allahdan – bəzi əlyazmalarda Allahdan və Rəbb İsa Məsihdən (Rom. 1:7). sizə lütf və sülh olsun!
Paul Allaha şükür edir
3 Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. 4 Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq. 5 İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz. 6 Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır. 7 *Kol. 4:12; Flm. 23-24Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün†Sizin üçün – bəzi əlyazmalarda bizim üçün. çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. 8 O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı.
Paulun Kolosselilər üçün duası
9 Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. 10 Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz, 11 hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, 12 müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. 13 O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 14 *Ef. 1:7Oğlunda‡Oğlunda – bəzi əlyazmalarda Oğlunda, Onun qanı vasitəsilə. satınalınmaya – günahlarımızın bağışlanmasına malikik.
Məsihin şəxsiyyəti və vəzifəsi
15 Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. 16 Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. 17 Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. 18 *Ef. 1:22-23; 2:14-16Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. 19 Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa 20 və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.
21 Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. 22 İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. 23 Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum.
Paulun imanlılara xidməti
24 İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram. 25 Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, 26 yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. 27 Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir. 28 Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. 29 Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.