48
İsrailin inadkarlığı
Ey Yaqub nəsli,
İsrail adı ilə çağırılan,
Yəhudanın belindən gələn,
Rəbbin adı ilə and içən,
İsrail Allahının adını etiraf edən,
Fəqət buna həqiqətlə və salehliklə əməl etməyən nəsil,
Buna qulaq as!
Müqəddəs şəhərdən olduğunuza görə,
İsrail Allahına bel bağladığınıza görə fəxr edirsiniz.
Onun adı Ordular Rəbbidir.
 
Olub-keçənləri əvvəldən Mən bəyan etdim.
Bu sözlər ağzımdan çıxdı və onları Mən bildirdim.
Sonra qəflətən bunları həyata keçirdim və onlar yerinə yetdi.
Bilirdim inadkar olduğunuzu,
Dəmir boyunlusunuz, tunc alınlısınız.
Bunları sizə qədimdən bəri bildirdim,
Baş verməmişdən əvvəl sizə xəbər verdim ki,
Siz “bunu bütüm etdi, oyma və tökmə bütlər
Bunları əmr etdilər” deməyəsiniz.
 
Bunu eşitdiniz, indi isə hamısına nəzər salın.
Bəs bunu qəbul etməyəcəksiniz?
İndi isə Mən sizə yeni şeyləri,
Bilmədiyiniz gizli şeyləri bildirəcəyəm.
Bunlar indi yaradılır, keçmişdə yox.
Siz bunu bu günə qədər bilmədiniz,
Ona görə “bunu bilirdik” deyə bilməzsiniz.
Siz bu barədə nə eşitmisiniz,
Nə də xəbəriniz olub,
Keçmişdən bəri qulaqlarınız bağlıdır.
Nə qədər xain olduğunuzu bilirəm,
Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram.
Adım naminə qəzəbimi saxlayırdım,
Şöhrətim naminə qeyzimin qabağını alırdım ki, sizi məhv etməyim.
10 Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim,
Sizi iztirab ocağında çəkdim.
11 Öz xatirimə, Öz xatirimə bunu edirəm.
Axı niyə Mənim adım küfrlə çəkilsin?
Mən Öz izzətimi heç kimə vermərəm.
Rəbb İsraili satın alır
12 *Yeş. 44:6; Vəhy 1:17; 22:13 Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail!
Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam.
13 Mənim əlim yerin təməlini qoydu,
Sağ əlim göyləri sərdi.
Mən onları çağıranda onlar birlikdə düzülür.
 
14 Hamınız toplaşın, dinləyin!
Bütlərdən hansıdır bu şeyləri bəyan edən?
Rəbbin sevdiyi adam Babildə Onun məqsədini yerinə yetirəcək,
Onun əli Xaldeylilərə qarşı qalxacaq.
15 Mən, bəli Mən dedim,
Onu Mən çağırdım,
Onu gətirdim,
O öz yolunda uğurlu olacaq.
16 Mənə yaxın gəlin, bunu dinləyin!
Başlanğıcdan bəri Mən açıq danışdım,
O vaxtdan indiyədək oradayam.
Xudavənd Rəbb indi Məni və Ruhunu göndərdi».
 
17 Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir:
«Allahın Rəbb Mənəm,
Mən sənin xeyrinə səni öyrədirəm,
Getdiyin lazım olan yolla səni aparıram.
18 Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin!
Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı,
Salehliyin dəniz dalğaları kimi olardı.
19 Nəslin dəniz qumu kimi,
Övladların qum dənələri kimi olardı.
Adları qarşımda nə pozulardı, nə də silinərdi».
 
20 *Vəhy 18:4 Babildən çıxın, Xaldeylilərin torpağından qaçın,
Sevinc səsi ilə bəyan edin, bunu bildirin,
Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın,
Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı».
21 Səhradan keçərkən susuzluq çəkmədilər.
Rəbb onlar üçün qayadan su axıtdı,
Qayanı yardı və oradan su fışqırdı.
 
22 *Yeş. 57:21 «Pislərə isə sülh yoxdur» Rəbb deyir.

*48:12 Yeş. 44:6; Vəhy 1:17; 22:13

*48:20 Vəhy 18:4

*48:22 Yeş. 57:21